09-07-2018 | 04:02 759
Ölkə Prezidenti cənab İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkumların və təqsirləndirilən şəxslərin tibbi və dərman təminatı yaxşılaşdırılır. Bu sahədə beynəlxalq təşkilatlarla vərəmə qarşı effektiv mübarizə aparılaraq, müsbət nəticələrə nail olunub. Penitensiar sistemdə vərəmlə mübarizədə ölkəmizin nailiyyətlərinə beynəlxalq maraq artaraq bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.
Bu məqsədlə ölkəmizin praktiki olaraq cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəsini yaymaq üçün dünyada ilk dəfə 2012-ci ildə Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Vərəm üzrə Təlim Mərkəzi yaradılıb. 2014-cü ildə Dünya Səhiyyə Təşkilatı (DST) Avropa üzrə Regional Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə nəzarət və profilaktika üzrə DST ilə Əməkdaşlıq Mərkəzi" beynəlxalq statusu verilib və onun vərəmlə mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlərə yayılmasında və öyrənilməsində səmərəli fəaliyyəti nəzərə alınaraq cari ildə bu status növbəti dörd il müddətinə uzadılıb.
Ölkəmizdə səfərdə olmuş Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus və onu müşayiət edən şəxslər Beynəlxalq Təlim Mərkəzinə maraq göstərərək səfər ediblər. Qonaqlar mərkəzin fəaliyyəti, müasir şəraiti, tədris otaqları, həmçinin video-konfrans vasitəsilə distant treninqin təşkili ilə tanış olublar.
Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov, Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev və nazirliyin digər aidiyyəti məsul şəxsləri iştirak ediblər.
Tanışlıq zamanı ölkəmizin penitensiar müəssisələrində tibbi təminatın müasirləşdirilməsi, vərəmlə mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa dair təqdimat keçirilib.
Tibb baş idarəsinin rəisi R.Mehdiyev məlumat verib ki, Azərbaycanda dövlətimizin güclü siyasi iradəsinə uyğun olaraq ümumbəşəri sosial bəla olan vərəmlə mübarizə daim diqqətdə saxlanılır, bu sahədə DST-ın tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq proqramlar və layihələr həyata keçirilib, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi önəm verilib.
Bu məqsədlə məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində BQXK ilə səmərəli əməkdaşlıqda tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr müasir tibb avadanlıqları ilə təchiz olunub.
Vərəmli məhkumlar üçün innovativ laborator və diaqnostik avadanlıqla təchiz edilmiş ayrıca müalicə müəssisəsinin açılması bu xəstəliklə mübarizədə böyük əhəmiyyət kəsb edib.
Bu sahədə DST və BQXK ilə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub.
Həyata keçirilən kompleks tədbirlər hesabına, cəzaçəkmə müəssisələrində vərəmin müalicəsi üzrə göstəricilər DST-ın müəyyən etdiyi hədəfləri aşaraq dərmanlara həssas vərəmin müalicəsi üzrə 92 faiz, müalicəyə çətin tabe olan dərmana davamlı vərəmin müalicəsi üzrə isə 78 faiz nəticələrə nail olunub ki, bu da dünyada ən yüksək göstəricilərdəndir. Bunun nəticəsi olaraq, son beş ildə cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 2 dəfə, vərəmdən ölüm isə 1995-ci illə müqayisədə 105 dəfə azalıb.
Həmçinin bildirilib ki, Azərbaycanın bu sahədə nailiyyətləri Dünya Səhiyyə Təşkilatı, Qlobal Fond, BQXK, "Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq" və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin müsbət təcrübəsi örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilir, habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan ABŞ-ın İslah Müəssisələri və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən Səhiyyə Mükafatına layiq bilinib.
Ötən dövrdə Beynəlxalq təlim mərkəzində Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi Amerika və MDB dövlətlərinin Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərini, penitensiar müəssisələrin tibb xidmətlərini, qeyri-hökumət və beynəlxalq təşkilatları təmsil edən nümayəndə heyətləri üçün 8 beynəlxalq treninq keçirilib, Azərbaycan təcrübəsini öyrənmək üçün Avropa Şurası, DST və BQXK-nın xətti ilə 18 tanışlıq səfəri təşkil olunub. Ümumilikdə isə, son illər 20 dövlətdən 200-dən çox nümayəndə Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə uyğun modellərin tətbiqinə başlanılıb.
Ətraflı məlumata görə minnətdarlığını bildirən DST-ın baş direktoru T.A.Qebreyesus respublikamızın vərəmlə mübarizədə əldə etdiyi yüksək nailiyyətlərdən heyranlığını ifadə edib, bu münasibətlə Azərbaycan tərəfini təbrik edərək bu müsbət nəticələrə nail olunmasında dövlətimizin güclü siyasi iradəsini vurğulayıb.
Qonaq həmçinin, ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən DST ilə səmərəli əməkdaşlığını təqdir edib, vərəmlə mübarizədə Azərbaycanın tətbiq etdiyi standartların ən yaxşı təcrübə təşkil etdiyini, bunun üçün respublikamızın müsbət təcrübəsinin dünyada daha geniş yayılmasının önəmini qeyd edərək gələcəkdə təlim mərkəzinə hərtərəfli köməklik göstərəcəyini və əlaqələrimizin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
DST-ın baş direktoru Mərkəzlə tanışlıqdan xoş təəssüratlarla ayrılıb.
Tədbirdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov iştirak edib.