Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyi şəffaf prosedurlarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrların qulluğa qəbul edilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir.

Bildirilir ki, hazırki müsabiqə üzrə vakant vəzifələr əsasən məhkəmə icraçıları xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Sənədlər 2010-cu il yanvar ayının 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcəkdir. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra Müsabiqə Komissiyası tərəfindən əlavə məlumat veriləcəkdir.

Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyəti məsələlərlə bağlı 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar.

Qeyd olunur ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sonuncu müsabiqədən keçmiş namizədlər ölkəmizdə ilk dəfə Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb olunmuş və müvəffəqiyyətlə keçənlər bu ərəfədə təyinatlar almışlar.

Aşkarlıq şəraitində ədliyyə orqanlarına qulluğa qəbul olunmuş şəxslərin layiqli ədliyyə qulluqçusu kimi formalaşdırılmasına xüsusi diqqət yetirilərək stajorluq və sınaq müddətində hərtərəfli peşəkarlıq vərdişlərinə yiyələnmələri üçün məqsədyönlü tədbirlər görülür, həmçinin, xarici ölkələrdə və respublikamızda keçirilən müxtəlif təlim tədbirlərində iştirakları təmin edilir və bu gün onlar ədliyyənin müxtəlif sahələrində uğurla çalışırlar.

Həmçinin xatırladırıq ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb (Bakı şəhəri, Bülbül prospekti 2) xidmətlərinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Arzu edənlərin müsabiqə və müsahibədə iştirakından məmnun olardıq.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez