17-08-2018 | 04:02 1098
Cari ilin 27 iyul - 02 avqust tarixlərində Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı və notariuslardan ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Notariat Palatasının Samara vilayətinin Notariat Palatası birlikdə təşkil etdiyi “Qanunvericilik və notariat təcrübəsi” mövzusunva həsr olunmuş beynəlxalq seminarda iştirak etmişlər.
Tədbirə Azərbaycan, Argentina, Bolqarıstan, Belarus, Fransa, Qazaxıstan, Serbiya, Türkiyə və Rusiya dövlətlərinin nümayəndələri, o cümlədən Beynəlxalq notariat ittifaqının fəxri prezidenti Daniel Senqor dəvət olunmuşdur.
Seminarın proqramına uyğun olaraq, Rusiya Federasiyası Notariat Palatasının vitse-prezidenti və ölkə notariusları, eləcə də iştirakçı dövlətlərin nümayəndələri notariusların statusu, ər-arvadın birgə mülkiyyəti, vərəsəlik hüququnun beynəlxalq hüquqi aspektləri, hüquqi şəxslərin təsis edilməsi və fəaliyyətində notariusların iştirakının aktual problemləri, notariat sahəsində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, yeniliklər barədə məlumat vermişlər.
Həmçinin, notariat təcrübəsi, müəssisələrin fəaliyətini tənzimləyən qanunvericilik, etibarnaməli idarəçilik müqaviləsi, notariusun depozit hesabı, torpaq sahəsi vərəsəlik hüququnun obyekti kimi məsələlər müzakirə olunmuşdur.
Azərbaycanda notariusların informasiya sistemi vasitəsilə digər orqanlarla qarşılıqlı fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət reyestri ilə elektron məlumat mübadiləsinin təşkili, daşınmaz əmlakın təqdim edilməsi müqavilələrinin təsdiqi zamanı sadələşdirilmiş verginin tutulması və qanunvericilikdə edilmiş dəyişikliklər barədə geniş məlumat verilmişdir.
Bundan başqa ölkəmizdə daşınmaz əmlaka sərəncam verilməsi, pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməsi məruzə olunmuşdur.
Azərbaycanda müasir notariat institutunun təşəkkül tapması seminar iştirakçılarının çox böyük marağına səbəb olmuş və Belarusiya, Türkiyə, Rusiya notariusları heyranlıqlarını gizlətmədən ölkəmizə səfər etmək istədiklərini bildirmişlər.