20-09-2018 | 04:02 3201
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə islahatlar aparılır, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulmasında kadrlarla işin səmərəli təşkilinə, onların düzgün seçilməsinə xüsusi önəm verilir.
Bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı daim diqqətdə saxlanılır. Son illər şəffaf seçimlər əsasında ədliyyə orqanlarına böyük əksəriyyəti gənclər olan 2800-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf kadrlar qulluğa qəbul olunub. Onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu ali dövlət orqanında məsul vəzifələrə irəli çəkiliblər.
Həmçinin, penitensiar və tibb xidmətlərinin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur, o cümlədən "ASAN Kadr" Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Eyni zamanda, təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır.
Bu günlərdə Ədliyyə Akademiyasında icbari təlimi başa vuraraq penitensiar xidmətdə orta rəis heyətinə və ATU-nun Hərbi Tibb fakültəsini bitirərək tibb xidmətinə təyinat alan 40 nəfər gənc əməkdaşlarla nazirliyin rəhbərliyinin görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisini və əldə olunan nailiyyətləri vurğulayıb, bu ilin dövlətçilik tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlamətdar olduğunu və bu tarixi hadisənin ölkəmizdə geniş qeyd edildiyini bildirib.
Dövlət başçısı tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunmuş 2018-ci ildə 100 illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixinə, keçdiyi inkişaf yoluna toxunan nazir məhkəmə və ədliyyə sistemində aparılan islahatlarından danışıb, ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci ilin fevral 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamının məhkəmə və penitensiar sahələrdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğunu vurğulayıb. Həmçinin Penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərə işlərində məsuliyyətli olmağı, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl etməyi tapşırıb, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Gənclər çıxış edərək qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.