21-09-2018 | 04:02 1975
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Sentyabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və bölgənin hakimləri ilə müşavirə keçirib.
Müşavirədə nazir dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin fəaliyyətinin təşkili ilə bağlı tapşırıq verib, vətəndaş məmnunluğunun təmin olunmasını, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını vurğulayıb.