Azərbaycan-Almaniya: hüquqi sahədə əməkdaşlıq genişlənir

Azərbaycan və Almaniyanın ədliyyə orqanları arasında həyata keçirilən səmərəli əməkdaşlıq çərçivəsində ölkəmizə səfərə gəlmiş Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Fondunun direktoru cənab Mattias Vekkerlenq nümayəndə heyəti ilə yanvarın 13-də ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən nazir ötən ilin iyununda Almaniyaya səmərəli səfərini xatırladaraq, Berlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Birgə Bəyanatın əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar açdığını vurğulamış, hazırkı səfərin əhəmiyyətini bildirmişdir.

Almaniyanın Azərbaycanla hərtərəfli əlaqələrin inkişafına mühüm önəm verdiyini vurğulayan qonaq 1992-ci ildən yaradılaraq 30 ölkədə fəaliyyət göstərən Beynəlxalq Hüquq Fondunun məqsədinin tərəfdaş dövlətlərə məhkəmə-hüquq islahatlarında dəstək göstərmək olduğunu nəzərə alaraq, ölkəmizdə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı işlərə böyük maraq göstərmiş, bu sahədə əməkdaşlığın inkişafına hazır olduğunu söyləmiş, bir sıra konkret təkliflər irəli sürmüşdür.

Görüşdə əməkdaşlığın prioritetləri müzakirə olunaraq inzibati ədliyyənin formalaşdırılması, qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılması, Ədliyyə Akademiyasının və Məhkəmə-Hüquq Şurasının fəaliyyətinə dəstək, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən xaricə tədris səfərlərinin təşkili, notariat təsisatının inkişafı və digər maraq kəsb edən mövzular üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur. Səfər zamanı cənab M.Vekkerlenqin həmçinin, Konstitusiya və Ali məhkəmələrdə, Azərbaycan Hüquqşünasları Konfederasiyasında və digər görüşləri nəzərdə tutulur.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez