28-09-2018 | 04:02 2350
Kazan şəhərində cari ilin sentyabr ayının 14-də keçirilmiş Tatarıstan Respublikası Notariat palatasının yaradılmasının 25-illiyinə həsr olunmuş təntənəli bayramda Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Notariat idarəsinin böyük məsləhətçisi Vidadi Mayıl və xüsusi notariuslar iştirak etmişdilər.
Rusiya Federasiyası və Tatarıstan Respublikası dövlət orqanlarının nümayəndələri, Türkiyə, Belarus və Qazaxıstan respublikaları notariat palatalarının rəhbərləri, həmçinin notariusların iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Palatanın prezidenti Olqa Qrişina notariat institutunun inkişafı, göstərilən xidmətlər barədə məlumat vermişdir. Həmçinin notariusların peşəkarlığının artırılması məsələlərinin həllində notariat palatalarının yaradılması və fəaliyyəti xüsusi vurğulanmışdır.
Daha sonra peşə fəaliyyətində fərqləndiyinə görə Palatanın üzvləri və əməkdaşlarına Tatarıstanın başçısı və müxtəlif hakimiyyət strukturları adından təltiflər təqdim edilmişdir.
Nümayəndəmiz təbrik məktubunu oxuyaraq Tatarıstan notariuslarının 2017-ci ildə Bakıya səfərinin qarşılıqlı münasibətlərin qurulmasına zəmin yaratdığını, innovasiyalar üzrə təcrübə və bilik mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Həmçinin görüşlər zamanı nümayəndələrimiz Azərbaycan ədliyyə sisteminin inkişafı çərçivəsində notariat sahəsində aparılan islahatlardan və yeniliklərdən bəhs edərək elektron notariat, habelə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, o cümlədən sənədlərin rəsmiləşdirilməsi zamanı real vaxt rejimində informasiyanın əldə edilməsinə imkanlar yaradan informasiya sisteminin funksiyaları barədə ətraflı məlumat vermişdilər.
Bununla yanaşı, Ermənistan təcavüzü nəticəsində torpaqlarımızın 20%-nin işğal olunması, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, nəticədə insan haqlarının kobud pozulması Palata rəhbərliyinin diqqətinə çatdırılmışdır.