17-10-2018 | 04:02 891
Oktyabrın 15-16-da Xorvatiyanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə əməkdaşlıqda "Korrupsiyanın qarşısının alınması üçün şəffaflığın və məsuliyyətin artırılması" mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Xorvatiyanın Şibenik şəhərində təşkil olunmuş konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Açılışda Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, GRECO-nun sədri Marin Mrcela və Xorvatiyanın ədliyyə naziri Drajen Bosnyakoviç giriş sözü ilə çıxış ediblər.
Konfrans çərçivəsində "Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi" adlı ayrıca keçirilmiş ədliyyə nazirlərinin sessiyasında çıxış edən respublikamızın ədliyyə naziri ölkə Prezidenti cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə aparılan qanunvericilik və institusional tədbirləri, antikorrupsiya strategiyasının uğurla həyata keçirilməsini və bu işdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Baş prokuror yanında geniş səlahiyyətlərə malik antikorrupsiya idarəsinin səmərəli fəaliyyətini vurğulayıb.
Həmçinin Azərbaycan brendi olan ASAN xidmətin yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, beynəlxalq antikorrupsiya əməkdaşlığı və treninqləri, o cümlədən ölkəmizin Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə səmərəli əlaqələri vurğulanıb, antikorrupsiya əməkdaşlığının genişləndirilməsinə dair bir sıra təkliflər irəli sürülüb.
Çıxışda tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Eyni zamanda, tədbirdə panel sessiyalar keçirilərək hüquq-mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması, şəffaflığın təmin olunması və digər bu kimi aktual məsələlər müzakirə olunub.
Yekunda antikorrupsiya orqanlarının şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq səylərin artırılmasına dair Bəyannamə qəbul edilib.
Konfrans çərçivəsində, həmçinin Avropa Şurasının Baş katibi və digər mötəbər beynəlxalq təşkilatların rəhbərləri ilə fikir mübadiləsi aparılıb, Xorvatiyanın və bir sıra dövlətlərin ədliyyə nazirləri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov iştirak edib.