27-10-2018 | 04:02 1879
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində ədliyyə və məhkəmə sistemi təkmilləşir, infrastruktur müasirləşdirilir, vətəndaşların bu orqanlara müraciət imkanları asanlaşdırılır, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üzrə ardıcıl tədbirlər görülür.
Oktyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Şəki şəhərinə səfəri çərçivəsində yerli ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə tanış olub.
Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində inşa olunmuş və 2015-ci ildə dövlət başçısının açılışını etdiyi Şəki Məhkəmə Kompleksinə gələn F.Ələsgərova burada yaradılan müasir şərait və tətbiq olunan yeniliklər barədə məlumat verilib.
Bildirilib ki, ölkəmizdə konseptual baxımdan yeni olan və "bir qapı" prinsipi ilə fəaliyyət göstərən kompleksdə Şəki Apellyasiya Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi və Şəki Rayon Məhkəməsi yerləşir. Bina inzibati və ictimai zonalara bölünür ki, bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Həmçinin, kompleksdə fəaliyyət göstərən məhkəmələr tərəfindən "elektron məhkəmə" informasiya sistemi tətbiq olunur, məhkəmə proseslərində audio və video yazıların aparılması üçün lazımi şərait yaradılıb, bina distant müşavirə və seminarların keçirilməsi üçün zəruri olan bütün İT texnologiyalarla təchiz edilib.
F.Ələsgərov kompleksin ictimai zonasında yerləşdirilmiş məhkəmə proseslərinə dair məlumatları özündə əks etdirən elektron monitor və qurğulara baxıb, məhkəmə zalları, treninq otaqları, konfrans və rəyasət heyətinin zalları, habelə hakimlərin iş otaqlarında yaradılmış şəraitlə tanış olub.
Tanışlıq zamanı görülmüş işlərin təqdirəlayiq olduğu vurğulanıb, habelə hakimləri maraqlandıran həm qanunvericiliyə, həm də təşkilati məsələlərə dair fikir mübadiləsi aparılaraq müvafiq tövsiyələr verilib.
Prezidentin köməkçisi, həmçinin yerli və regional ədliyyə qurumlarının fəaliyyəti ilə maraqlanıb, icra və probasiya, qeydiyyat şöbələrinin, Məhkəmə ekspertizası mərkəzinin Şəki regional bölməsinin işi barədə müfəssəl məlumat verilib.
Aparılmış fikir mübadiləsi zamanı məhkəmə ekspertizası sahəsində işin təşkili, ekspertiza tədqiqatlarının aparılması, habelə probasiya xidmətinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlərə toxunularaq azadlığın məhdudlaşdırılması və digər azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi və onların icrası zamanı elektron qolbaqlardan istifadə olunması məmnunluqla qarşılanıb, cəzaların icrasına nəzarətin genişləndirilməsi və bu işin yerlərdə də həyata keçirilməsinin vacibliyi qeyd edilib, təkliflər irəli sürülüb.
Səfər çərçivəsində Prezidentin köməkçisi F.Ələsgərov Şəki penitensiar kompleksinə də baş çəkərək həbs edilmiş şəxslərin və məhkumların saxlanma şəraiti ilə tanış olub, vəkillər, istintaq hərəkətlərinin aparılması, habelə görüş üçün ayrılmış otaqlara, tibb sanitar hissəsinə və digər sahələrə baxış keçirib, məhkumların təminatı ilə maraqlanıb və məmnun qalıb.