08-11-2018 | 04:02 2195
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Noyabrın 8-də ədliyyə naziri Fikrət Məmmədov Balakən rayonu Mədəniyyət Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri ilə müşavirə keçirib. Nazir yüz illiyi qeyd olunan Azərbaycan ədliyyəsinin tarixindən və müasir fəaliyyətindən bəhs edib, ədliyyə işçisi adını daim uca tutmağı, üzərlərinə düşən vəzifələri hər zaman vicdanla və məsuliyyətlə yerinə yetirməyi vurğulayıb, əlamətdar yubiley münasibətilə təbriklərini çatdırıb. Müşavirədə dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, iş şəraitinin yaxşılaşdırılması, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, probasiya xidmətinin səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verilib, vətəndaş məmnunluğunun təmin olunması, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunması vurğulanıb. Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı