IMAGE

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müasir texniki imkanları ilə bağlı təqdimat keçirilib

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 8-də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müasir texniki imkanları ilə bağlı təqdimat mərasimi keçirilib.

Mərasimdə Ədliyyə nazirliyinin məsul işçiləri, Prokurorluğun, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin, Dövlət Gömrük Komitəsinin istintaq və təhqiqat idarələrinin rəhbər şəxsləri, apellyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin hakimləri, ali təhsil və tədris müəssisələrinin nümayəndələri, alimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Mərkəzin sədri Fuad Cavadov Azərbaycan ədliyyəsinin ənənəvi fəaliyyət istiqamətlərindən olan məhkəmə ekspertizasının tarixindən və inkişaf yolundan bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolunu vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu hüquqi islahatları uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, mərkəz dünyanın ixtisaslaşmış aparıcı şirkətlərinin istehsalı olan müasir kriminalistik avadanlıqlarla təchiz olunub və yeni laboratoriyalar yaradılıb.

Mərkəzin müasir texniki imkanları əyani təqdimatla müşayiət olunmaqla, həmçinin bildirilib ki, ötən dövrdə müasir texnologiyaların və elmi-texniki tərəqqinin açdığı imkanlardan yararlanaraq ekspertiza tədqiqatlarının dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına, yeni növ ekspertizaların keçirilməsinə və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda məhkəmə-istintaq orqanlarına köməklik və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.

İl ərzində Mərkəz tərəfindən 41 ekspert ixtisası üzrə yüz minlərlə suala cavab verilir və bu zaman qaldırılan məsələlərin həll olunma əmsalı 100 faizə yaxındır. Həmçinin məhkəmə ekspertizası və kriminalistikanın aktual məsələlərinə dair mütəmadi metodik vəsaitlər hazırlanır, cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısını almaq üçün kriminoloji tədqiqatlar aparılır, məhkəmə-istintaq orqanlarına profilaktik tövsiyələr verilir.

Diqqətə çatdırılıb ki, ekspertiza sahəsində beynəlxalq əməkdaşlıq genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib, 30-dan çox ölkənin məhkəmə ekspertiza qurumları ilə işgüzar əlaqələr qurulub.

Təqdimat zamanı məhkəmə ekspertizası fəaliyyətinin aktual məsələləri üzrə müzakirələr keçirilib, maraq doğuran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıqlar və laboratoriyalarla tanış olub, bu sahədə nailiyyətləri məmnunluqla qarşılayaraq innovativ texnologiyaların tətbiqinin cinayətkarlıqla mübarizə işinə və haqq-ədalətin bərqərar edilməsinə böyük töhfəsini qeyd ediblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez