Məhkəmə qərarlarının icrası sahəsində işin vəziyyəti müzakirə olunmuşdur

Ədliyyə Nazirliyində məhkəmə icraçıları və nəzarətçiləri xidmətinin yerli qurumları rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası işinin düzgün təşkilinin əhəmiyyətini, bu sahəyə daim diqqət göstərildiyini vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədliyyəsinin inkişafına dair təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində xidmətin işinin müasir tələblər səviyyəsində qurulması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi, icra sənədlərinin mərkəzləşdirilmiş məlumat-informasiya bankının yaradılması, bütün yerli qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən nəqliyyat vasitələri ilə təmin olunması üzrə görülən işləri diqqətə çatdırmışdır.

Məhkəmə icraçıları baş idarəsinin rəisi, Baş məhkəmə məmuru Xanlar Zeynalov iclasda 2009-cu ildə görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir.

Qeyd edilmişdir ki, məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə kompleks tədbirlər öz bəhrəsini vermiş, uzun müddət icrasız qalmış, mürəkkəb icra işlərinin böyük əksəriyyətinin icrası təmin olunmuş, bu sahədə zəruri normativ sənədlər qəbul edilmiş, kadrlarla işə xüsusi əhəmiyyət verilərək müsabiqədə uğur qazanmış gənc mütəxəssislərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər görülmüşdür.

2009-cu ildə icraatda olan 100 minə yaxın icra sənədinin 85 %-i öz qanuni həllini tapmış, qalanlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tamamlanması üçün tədbirlər görülür. Məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası ilə bağlı məhkəmə icraçısının qanuni tələblərini yerinə yetirməyən 819 borclu şəxs inzibati məsuliyyətə cəlb olunmuş, həmçinin 125-i barəsində cinayət işi başlanılmışdır.

İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 81,14 % artaraq 38 milyon manatdan çox təşkil etmişdir.

Müşavirə zamanı həmçinin, mövcud problemlər və nöqsanlar, o cümlədən Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi rayon və Sumqayıt şəhər, Bərdə və Xaçmaz rayon məhkəmə icraçıları qurumlarının fəaliyyəti tənqid olunmuş, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu qeyd olunmuşdur.

İclasda xidmətin fəaliyyətinə nəzarətin gücləndirilməsi, tabe qurumlarda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez