13-12-2018 | 04:02 3203
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə 17.11.2018-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabr ayının 18-dən etibarən başlanılacaqdır.
Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, müsahibənin nəticələrinə əsasən elan olunmuş hər bir notarius vakansiyası üzrə ən yüksək bal toplayacaq namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.