21-12-2018 | 04:02 2813
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Dekabrın 21-də ədliyyə naziri Fikrət Məmmədov Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Nazir yüz illiyini qeyd etdiyimiz Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlərdən danışaraq rayona səfərdən öncə dövlət başçısı cənab İlham Əliyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi üçün müasir inzibati binanın açılışını etdiyini vurğulayıb. Qeyd olunub ki, yeni məhkəmə binasının istifadəyə verilməsi məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəkdir.
Müşavirədə ölkə Prezidentinin Sərəncamı ilə yenicə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər Dövlət Proqramı"nın müstəsna əhəmiyyəti qeyd olunub, bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müasir innovativ texnologiyaların və elektron sistemlərin tətbiqi, şəffaflığın artırılması və digər prioritetləri müəyyən etdiyi vurğulanıb, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunaraq tövsiyə və tapşırıqlar verilib.