21-12-2018 | 13:02 2055
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 9.3.1-ci yarımbəndindən irəli gələn vəzifələrin icrası ilə bağlı yaradılmış İşçi qrupunun dekabrın 21-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində geniş tərkibdə iclası keçirilib.
İclasda İşçi qrupunun üzvləri ilə yanaşı, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, regional ədliyyə idarələrinin, bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri, habelə pilot bələdiyyələrin sədrləri və ekspertlər iştirak ediblər.
Tədbirdə kəndin inkişaf modelinin yaradılması ilə bağlı verilmiş təkliflər, pilot bələdiyyələrin ərazilərinə investisiyaların cəlb edilməsi, başqa maliyyə mənbələrinin, o cümlədən kreditlər və subvensiyaların ayrılması imkanları, qrantların alınması, pilot bələdiyyələrdə vergi və ödənişlərin yığımının yaxşılaşdırılması, şəffaflığın artırılması məsələləri müzakirə edilib.
Həmçinin, Avropa İttifaqının maliyyə dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Yerli inkişaf planları”nın hazırlanması layihəsi, habelə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən təqdim olunmuş Kənd Fəaliyyət Planları barədə geniş məlumat verilib, bu layihələrdən və formalaşmış təcrübədən kəndin inkişaf modelinin yaradılmasında istifadə olunması məqsədəuyğun sayılıb.
İşçi qrupunun qəbul etdiyi qərarda kəndin inkişaf modelinin yaradılması ilə bağlı həyata keçirilməli olan tədbirlər müəyyən edilib, habelə İşçi qrupunun 2019-cu il üçün İş planı təsdiq olunub.
İclasda Bələdiyyələrlə iş mərkəzinin hazırladığı və GİZ-nin maliyyə dəstəyi ilə çap edilmiş “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu" kitabının təqdimatı keçirilib və iştirakçılara paylanılıb.