25-12-2018 | 13:02 2010
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüidarə səlahiyyətləri ilbəil genişləndirilir.
Ölkə Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.
Dekabrın 25-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib.
Çıxış edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən bəhs edib, bu ərəfədə dövlət başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.
Müşavirədə, həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Eyni zamanda dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi vurğulanıb, ötən dövrdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi, kobud qanun pozuntularına yol verdiklərinə görə 120-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılması qeyd olunub, korrupsiya hüquqpozmalarına görə 34 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən onlardan 8 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi, 11 nəfərin aşağı vəzifəyə keçirildiyi və ya iş yerinin dəyişdirildiyi bildirilib.
Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.
Bununla bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.