14-01-2019 | 12:32 2099
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatları çərçivəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Əhaliyə səmərəli xidmət göstərilməsinə, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına və vətəndaş məmnunluğunun artırılmasına xüsusi önəm verilir. Keçirilən tədbirlərin daha bir bariz nümunəsi olaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında qanunvericiliyə edilmiş dəyişiklərin tətbiqi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Sumqayıt Apelyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid olan məhkəmələrin hakimləri və aparat işçiləri iştirak ediblər.
Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərin, “Elektron Məhkəmə” informasiya sisteminin yaradılmasının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. O, həyata keçirilən bütün islahatların əsasında, ilk növbədə, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasının və insan haqlarının daha etibarlı müdafiəsinin dayandığını diqqətə çatdırıb.
Sonra tədbirdə iştirak edən təlimçilər, o cümlədən Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Xəqani Məmmədov, Bakı Apelyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklər barədə ətraflı məlumat veriblər.
Qanunvericiliyin yeni müddəaları təhlil olunaraq təcrübədə qarşıya çıxacaq məsələlərin həlli yolları müzakirə edilib. Tədbirdə, həmçinin məhkəmə işləri üzrə tərəflərin hüquq və vəzifələrinə dair “məhkəmə bildirişi”nin və yekun məhkəmə aktından “çıxarış”ın məzmunu da müzakirə edilib.
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov "Elektron məhkəmə" informasiya sisteminin imkanları, o cümlədən vahid məhkəmə portalı, vətəndaşların şəxsi kabineti, dövlət rüsumlarının elektron ödəniş sistemi və elektron icra sistemi barədə təqdimatla çıxış edib. Mülki Prosessual Məcəlləyə edilmiş son dəyişikliklərin "Elektron məhkəmə" informasiya sistemində tətbiq olunduğu diqqətə çatdırılıb.
Təlimdə iştirak edən hakimlər "Elektron məhkəmə" informasiya sisteminin tətbiqində yaranan hallarla bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparılıb.