16-01-2019 | 19:52 1691
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırılır, müasir İKT-lərin, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.
Həmçinin hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib, mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafelərinin təmin edilməsi, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib.
Yeni qanunvericiliyin icrasının təşkili ilə bağlı təxirəsalınmadan tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb, o cümlədən qanunvericilikdəki yeniliklərin mahiyyətinin dərindən öyrənilməsi və e-məhkəmənin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi məqsədilə ali və apellyasiya məhkəmələrinin təlimçi-hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlər və hüquqi maarifləndirmə tədbirləri keçirilir.
Eyni zamanda dövlət başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar verib. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq məhkəmələrin fəaliyyətində də şəffaflığın təmin edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır. Bu məqsədlə paytaxtda və bölgələrdə bütün apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub.
Növbəti belə tədbir yanvarın 16-da Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilib.
Tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək bildiriblər ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan ardıcıl və məqsədyönlü islahatlar bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın yüksəldilməsinə yönəlib.
Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin effektivliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır. Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun. Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.
Müşavirədə insanların haqlı narazılığını doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, neqativ halların yolverilməzliyi qeyd edilib.
Həmçinin mövcud problemlərin həlli yolları təhlil olunub, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması ilə bağlı və digər tövsiyələr verilib.