20-01-2019 | 18:30 44121
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizliyinin və şücaətinin təcəssümü olaraq milli qürur mənbəyinə və qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 29 il ötür. Bəşəriyyətə və insanlığa sığmayan ən ağır cinayətlərdən biri kimi tarixə əbədi həkk olunmuş bu faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını üçün canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi daim ehtiramla yad olunur.
Ümumxalq hüzn günündə ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizin xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.
Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyində və struktur qurumlarda anma mərasimləri keçirilərək faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 20 Yanvar hadisələrinə bir daha nəzər salınaraq, xalqımızın müstəqillik yolundan bəhs olunub.
Tədbirlərdə qeyd edilib ki, o müdhiş gecədə keçmiş sovet ordusu Bakıya daxil olaraq dinc sakinlərə amansız divan tutmuş, günahsız insanları vəhşicəsinə qətlə yetirmişdir. Bu qanlı qırğın nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilməmiş, xalqımız qanı bahasına da olsa müstəqilliyinə nail olmuşdur.
Yığıncaqlarda ümummilli lider Heydər Əliyevin faciənin baş verməsindən dərhal sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirməsi və 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilməsi xüsusilə vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin möhkəmlənməsi və dövlətimizin hərtərəfli sürətli tərəqqisi qeyd olunub, bu qanlı tarix barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması, həmçinin şəhid ailələrinin və əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə məqsədyönlü addımların atıldığı qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.
Nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı kinozalda filmlər, foto-slaydlar nümayiş etdirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı