22-02-2010 | 04:02 1465
Bu günlərdə İsveçrə Konfederasiyasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində həmin ölkənin İnterlaken şəhərində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ədliyyə nazirlərinin konfransı keçirilmişdir.
Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ölkəmizin Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, habelə Ədliyyə Nazirliyinin məsul əməkdaşları təmsil etmişlər.
Açılış mərasimdə İsveçrənin ədliyyə və polis naziri Evelin Vidmer-Şlumpf, Avropa Şurasının Baş katibi Turbyorn Yaqland, AŞ Parlament Assambleyasının sədri Mevlüt Çavuşoğlu və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Jan-Pol Kosta, İnsan hüquqları üzrə Avropa Komissarı Tomas Hammarberq çıxış etmişlər.
Avropa Şurasının üzv dövlətləri ədliyyə nazirlərinin və digər yüksək səviyyəli rəsmi şəxslərinin iştirak etdiyi mötəbər konfransda İnsan hüquqları üzrə Avropa Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair ən daha effektiv mexanizmlərin müəyyən edilməsi, Avropa Məhkəməsinin səmərəsinin artırılmasına dəstək və bu kimi digər aktual məsələlər müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, hazırda Avropa Məhkəməsinə daxil olan şikayətlər çıxarılan qərarlardan qat-qat çox olduğundan tarazlığın təmin olunması məqsədilə təcili təsirli tədbirlərə böyük ehtiyac vardır.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək ölkəmizdə İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi üzrə görülən işləri vurğulamışdır. Eyni zamanda, dövlət başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hüquqşünasların peşəkarlığının artırılması üzrə tədbirlər barədə məlumat verilmiş, həm Avropa məkanında, həm də üzv-dövlətlərdə bu sahədə vəziyyətin yaxşılaşdırılması
İnsan hüquqları üzrə Avropa |
ilə bağlı təkliflər irəli sürmüşdür. Maraqla qarşılanmış ingilis dilində çıxışın, həm də onun rus dilində olan mətnləri tədbir iştirakçıları arasında yayılmışdır.
Konfransın sonunda Avropa və yerli səviyyələrdə tədbirlərə dair fəaliyyət planını əhatə edən Siyasi Bəyannamə qəbul olunmuşdur.
Tədbir çərçivəsində Avropa Şurasının rəhbər şəxsləri, habelə bir sıra dövlətlərin ədliyyə nazirləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparmışdır.