07-03-2019 | 19:15 2271
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də ədliyyə naziri Fikrət Məmmədov İmişli regional ədliyyə idarəsində İmişli, Sabirabad, Saatlı və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarının və məhkəmənin işi, o cümlədən "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi İmişli "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Nazir müşavirədə ədliyyə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, o cümlədən innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili, könüllülük institutunun ədliyyə sahəsində daha geniş təşviqi, habelə vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib.
Eyni zamanda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul edilmiş Mülki Prosessual Məcəllədə və "Məhkəmələr və hakimlər haqqında" Qanunda mühüm dəyişikliklər barədə yeni qanunların məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, işin səmərəliliyinin və keyfiyyətinin artırılmasına, iş yükünün azaldılmasına, "elektron məhkəmə" sistemi geniş tətbiq olunmaqla işlərə daha operativ və şəffaf baxılmasına xidmət etdiyi qeyd olunub, qanunvericiliyin yeni müddəalarının dərindən öyrənilməsinin və düzgün tətbiqinin zəruriliyi bildirilib.