Azərbaycan - Norveç: hüquqi sahədə əməkdaşlıq genişlənir

Avropa dövlətləri ilə hüquqi sahədə əməkdaşlığın inkişafına xüsusi önəm verilərək, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə Norveç Krallığının ədliyyə və polis naziri Knut Storberget nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmişdir .

Norveçli nazir fevralın 8-də Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Sonra nazir Knut Storberget respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycan və Norveç arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edən F.Məmmədov ötən ilin iyununda Norveçdə məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş Avropa ədliyyə nazirləri konfransının yüksək səviyyədə təşkil olunduğunu və bu işdə həmkarının xüsusi rolunu qeyd etmişdir.

Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü məhkəmə-hüquq islahatları barədə məlumat verilmiş, bu sahədə xarici dövlətlərlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyəti vurğulanaraq norveçli hüquqşünasların iştirakı qeyd edilmiş, Ədliyyə nazirlikləri arasında əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilmişdir.

Dövlətlərimiz arasında əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən Norveçin ədliyyə naziri Azərbaycana səfərindən məmnun qaldığını vurğulamış, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə əldə olunmuş nailiyyətləri təqdir etmişdir . Qonaq həmçinin, ölkəsi üçün aktual olan bir sıra məsələlərə toxunmuş, xüsusilə istintaq təcridxanalarında sıxlığın aradan qaldırılmasının, həbsin əvəzinə alternativ qətimkan tədbirlərinə üstünlük verilməsinin əhəmiyyətini vurğulayaraq, bu sahədə təcrübə mübadiləsinin səmərəsini qeyd etmişdir.

Görüşdə əməkdaşlığa dair müzakirələr keçirilmiş, məişət zorakılığına qarşı qlobal mübarizənin gücləndirilməsi, birgə tədbirlərin təşkili, insan hüquqlarının etibarlı müdafiəsi və ədliyyənin təkmilləşdirilməsi üzrə digər məsələlərə dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır. Tərkibində həmçinin nazir müavini və nazirliyin baş katibi olan nümayəndə heyəti Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, Azərbaycan-Norveç münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara Azərbaycan ədliyyəsinin müasir fəaliyyətini, habelə iki ölkə arasında əlaqələri əks etdirən xüsusi hazırlanmış jurnallar təqdim edilmişdir.

Görüşdə Norveç Krallığının Azərbaycandakı səfiri iştirak etmişdir.

Elə həmin gün norveçli nazir ölkəmizin penitensiar sahədə aparılan islahatları ilə yaxından tanış olmaq üçün müasir, beynəlxalq standartlara uyğun inşa olunmuş yeni Bakı istintaq təcridxanasına baş çəkmişdir.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez