Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Martın 13-də Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində bələdiyyələrin milli assosiasiyalarının sədrləri ilə görüş keçirilib.

Görüşdə bələdiyyələrin işinin daha çevik əlaqələndirilməsi, onların fəaliyyətində qanunçuluğun və şəffaflığın təmin edilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və digər aktual məsələlər müzakirə edilib.

Ölkə Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində mütərəqqi islahatların həyata keçirildiyi, o cümlədən dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönələn islahatların yeni mərhələsinə start verildiyi qeyd olunaraq bələdiyyələrin də öz işlərini təkmilləşdirmələrinin zəruriliyi vurğulanıb.

Yerli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin fəallığının artırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunması, o cümlədən elektron sənəd dövriyyəsinin, ayrı-ayrı elektron xidmətlərin tətbiqinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin icrası, habelə qəbiristanlıqların idarə edilməsinin bələdiyyələrin səlahiyyətlərinə aid edilməsi ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsində, yerli vergi və ödənişlərin yığılmasında və yerli əhalinin məşğulluğunun artırılmasına nail olunmasında bələdiyyələrə hərtərəfli kömək göstərilməsi, bu məqsədlə milli assosiasiyaların da öz fəallıqlarını artırmasının önəmi qeyd olunub.

Görüşdə bələdiyyələrin beynəlxalq əlaqələrinin, o cümlədən milli assosiasiyaların Türk Dünyası Bələdiyyələr Birliyi ilə əməkdaşlığının genişləndirilməsi, yerli özünüidarəetmədə qadın və gənclərin daha fəal iştirakı və s. istiqamətlərdə də birgə səylərin artırılması vurğulanıb

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez