17-03-2019 | 14:35 2000
Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamının icrası Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən 17 mart tarixində başa çatdırılmışdır.
Sayca 65-ci olan Əfv Sərəncamı ilə bağlı Penitensiar xidmətin müəssisələrində bu humanist aktın mahiyyəti və əhəmiyyəti barədə Xidmətin Baş idarəsinin məsul əməkdaşları məhkumlar qarşısında çıxış etmiş, izahat işləri aparmışlar.
Əfv Sərəncamının icrasının geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Əfv Komissiyasının və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri, ictimai birlik və çoxsaylı kütləvi vasitələrinin nümayəndələri iştirak etmişlər.
Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil və təntənəli şəraitdə başa çatdırılmışdır.
Sərəncam ümumilikdə 431 nəfər məhkuma şamil olunmuşdur. Onlardan 399 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. O cümlədən, 1 nəfər ömürlük azadlıqdan məhrum edilmiş məhkumun cəzası 25 il, 2 nəfər ömürlük azadlıqdan məhrum edilmiş məhkumun cəzası isə 20 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur.
Əfv olunan 13 xarici ölkə vətəndaşının Dövlət Miqrasiya Xidmətinə təhvil verilməsi təmin olunmuşdur.
Əfv Sərəncamı tətbiq edilmiş şəxslərə azad olunma haqqında müvafiq arayışlar təqdim olunmuş, onlara yardımlar göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilmişdir.
Əfv Sərəncamı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları tətbiq olunan bu humanist aktı imzalayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.