04-04-2019 | 03:58 3475
Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 15.11.2018-ci ildə "Notariat haqqında" Qanuna edilmiş mühüm dəyişikliklərə əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən, dünyada təkrarı olmayan, Azərbaycanda istehsal edilmiş elektron ədliyyə köşkü yaradılıb.
Həmin köşklərin təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə quraşdırılması nəzərdə tutulur ki, bu da notariuslarla video-əlaqə vasitəsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportda vətəndaşların istifadəsinə verilmiş elektron ədliyyə köşkü xaricə getmək arzusunda olan, yetkinlik yaşına çatmamış şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin rəsmiləşdirilməsinə imkan verir. Qanunvericiliyin tələblərindən irəli gələrək ölkədən getməyə hazırlaşan uşağın sərhəddən keçməsi üçün digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi zəruridir. Bu ərizələri əvvəlcədən verməyi unutmuş valideynlər həmin razılıqlarını vaxt itirmədən və heç bir yerə getmədən hava limanında quraşdırılmış ədliyyə köşkü vasitəsi ilə əldə edə bilərlər.
Bunun üçün şəxsiyyət vəsiqəsini, habelə uşağın və onunla gedəcək valideynin pasportunu təqdim etmək kifayətdir. Göstərilən xidmət videolentə yazılmaqla yaddaşda saxlanılır.
Elektron ədliyyə köşkü həftənin bütün günləri 24 saat fəaliyyət göstərir.
Gələcəkdə həmin innovativ qurğu vasitəsi ilə digər xidmətlər də göstəriləcəkdir.