04-04-2019 | 09:00 2057
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, əhaliyə göstərilən hüquqi xidmətlərin səviyyəsinin artırılması və müraciət imkanlarının asanlaşdırılması məqsədilə 14 elektron informasiya sistemləri tətbiq olunur. Həmçinin vətəndaşlara göstərilən 30-dan çox elektron-xidmətlərdən istifadənin sayı 11 milyonu ötüb.
Vətəndaşlara daha çox xidmətlərin göstərildiyi notariat fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, bu sahədə innovasiyaların geniş tətbiqi məqsədi ilə dövlət başçısının təşəbbüsü ilə 15.11.2018-ci ildə "Notariat haqqında" Qanuna əsaslı dəyişikliklər edilib. Yeni Qanuna əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən elektron ədliyyə köşkü yaradılıb, təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə, o cümlədən sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq köşklər notariuslarla video-əlaqə vasitəsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq və bu günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron ədliyyə köşkü istifadəyə verilib.
Eyni zamanda, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan "Elektron notariat" informasiya sisteminə birbaşa çıxışı olan xüsusi çanta və dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı hazırlanıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq notariat əməliyyatları ilə bağlı rəsmiləşdirilmiş çoxsaylı sənədlərin vahid məkanda toplanaraq saxlanılmasını təmin edən, habelə bu sənədlərdən yararlanmaq imkanını asanlaşdıran Dövlət notariat arxivi üçün yeni müasir xidmət sahəsi istifadəyə verilib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində arxivin yeni infrastrukturu zəruri avadanlıqlarla təchiz edilib. Ötən əsrin 20-ci illərindən başlayaraq son dövrlərədək rəsmiləşdirilməsi aparılmış 1,5 milyona yaxın sənədlərin mühafizəsi üçün daha əlverişli şərait yaradılmış, o cümlədən sənədlərin saxlanılmasını təmin edən 750 stellaj quraşdırılıb.
Aprelin 3-də yeni xidmət sahəsinin istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib.
Tədbirdə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov iki yüz ilə yaxın tarixi olan notariatın keçdiyi inkişaf yolundan və vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həllində mühüm rolundan bəhs edib, bu sahədə aparılan islahatların və tətbiq olunan yeniliklərin əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, ədliyyə orqanlarına əlçatanlığın asanlaşdırılmasına və şəffaflığın artırılmasına yönəldiyini vurğulayıb, nazirliyin rəhbərliyinin notariat arxivində yaradılan müasir şəraitlə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib, göstərilən dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinə təşəkkürünü ifadə edib.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu vurğulayaraq, vətəndaşların maraqlarının qorunması işində xüsusi əhəmiyyətə malik Dövlət notariat arxivinin işinin müasir tələblər səviyyəsində təşkilini təqdir edib.
Sonda yeni xidmət sahəsində yaradılan şəraitlə tanışlıq olub.