Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq genişlənir

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə əsas prioritet sahələri əhatə edəcək assosiasiya sazişi ətrafında danışıqlar aparmaq məqsədilə ölkəmizdə səfərdə olmuş Avropa Komissiyasının Hərtərəfli institusional quruculuq proqramı üzrə Proqramlaşdırma missiyasının üzvləri fevralın 9-da ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşlər.

Ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldiyini vurğulayan nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu ədliyyə və məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat vermiş, bu işdə qurumun fəal dəstəyini qeyd edərək, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində hazırlanacaq Hərtərəfli institusional quruculuq proqramının əhəmiyyətini bildirmişdir. Eyni zamanda, Avropa Komissiyası ilə birgə 2009-2011-ci illər üzrə "Azərbaycanda ədliyyə islahatlarına dəstək" Proqramının həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Avropa İttifaqının respublikamızla hərtərəfli əlaqələrin genişləndirilməsinə mühüm önəm verdiyini bildirən qonaqlar Azərbaycanda ədliyyə və məhkəmə sahəsində həyata keçirilən islahatları təqdir etmiş, institusional quruculuq proqramı çərçivəsində ədliyyə sahəsi, ticarət məsələləri, ümumiyyətlə, dövlət idarəçiliyi üzrə hökumət qurumlarının potensial quruculuğuna yardım göstərilməsinin nəzərdə tutulduğunu qeyd etmiş, Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnun olduqlarını vurğulayaraq, ədliyyə sahəsinə aid prioritetlərin müzakirəsinə, proqramın icrasına dair məsləhətləşmələrin aparılmasına hazır olduqlarını söyləmişlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri vurğulanmış, qarşılıqlı maraq doğuran bir sıra aktual, o cümlədən qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılması, insan hüquqlarının qorunması, hakimlərin tədrisi, inzibati ədliyyənin formalaşdırılması və s. məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia iştirak etmişdir.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez