12-04-2019 | 18:18 1795
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyinin təkmilləşdirilməsi üzrə mütərəqqi islahatların həyata keçirildiyi, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, xüsusən əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlığın dəstəklənməsi ilə bağlı bələdiyyələrin iştirakının aktivləşdirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyi vurğulanaraq vətəndaş cəmiyyəti qurumları ilə daha sıx əməkdaşlığın önəmi qeyd olunub.
Qeyri-hökumət təşkilatlarının təmsilçilərinə yerli özünüidarəetmə sahəsində nazirliyin Bələdiyyələrlə iş mərkəzinin fəaliyyəti, həyata keçirilən işlər, xüsusilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər barədə ətraflı məlumat verilib, bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Tədbirdə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə Ədliyyə Nazirliyinin əsas icraçısı olduğu “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbiri ilə əlaqədar kəndin inkişaf modelinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə bələdiyyə nümayəndələrinin təcrübə səfərlərinin təşkili istiqamətində əməkdaşlıq perspektivlərinə toxunulub.
Vətəndaş cəmiyyəti institutları belə bir görüşün keçirilməsindən məmnunluğu ifadə edərək nazirliyin ictimai iştirakçılığa böyük önəm verməsini təqdirəlayiq hesab edib, qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.