12-04-2019 | 19:00 3110
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 12-də ədliyyə naziri Fikrət Məmmədov Bərdə rayonunda Bərdə, Tərtər, Ağdam və digər rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər zamanı ədliyyə naziri yerli ədliyyə orqanlarının və məhkəmənin işi, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Bərdə "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirib.
Nazir müşavirədə ədliyyə fəaliyyətinin dövlət başçısının tələbləri səviyyəsində təkmilləşdirilməsi, xüsusilə icra işinin yaxşılaşdırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi ilə bağlı tapşırıq və tövsiyələr verib. Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini qeyd edən nazir bu mühüm sənədin ədliyyə və məhkəmə fəaliyyətinin gələcək inkişafı üçün “yol xəritəsi” olduğunu, bu sahədə islahatların yeni inkişaf mərhələsinə keçdiyini vurğulayıb, kompleks qanunvericilik, institusional və praktiki tədbirlər nəzərdə tutan proqram xarakterli Fərmanından irəli gələn vəzifələrin vaxtında, dürüst və dönmədən icrasının təmin olunmasını diqqətə çatdırıb.