15-04-2019 | 19:32 3158
Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrin Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılaraq konkret tədbirlər müəyyən edilib.
Dövlət başçısının Fərmanında məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə verilmiş tapşırığa uyğun olaraq Ədliyyə Nazirliyinin rəhbər şəxslərindən və hakimlərdən ibarət nümayəndə heyəti Litvada tanışlıq səfərində olub.
Səfər zamanı "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin tətbiqi, özəl icra qurumlarının fəaliyyəti ilə bağlı Litvanın təcrübəsi ilə tanışlıq olub, bu ölkənin ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən nazirin müavini Zydrunas Plytnikas, Ali Məhkəmənin sədri Rimvydas Norkus, Ali İnzibati Məhkəməsinin sədri Ramunas Gadliauskas, Milli Məhkəmə Administrasiyasının direktoru Reda Moliene, Ədliyyə Nazirliyinin Özəl İcra Qurumları üzrə Departamentinin rəisi Jolita Sinkeviciute və digər rəsmi şəxslərlə görüşlər keçirilib, Litvanın məhkəmə sistemi, icra xidmətinin işinin spesifik xüsusiyyətləri, məhkəmə və icra sahəsində istifadə olunan elektron sistemlərin funksionallıqları barədə təqdimatlar keçirilib, səmərəli müzakirələr aparılıb.
Görüşlərdə hər iki ölkədə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir və təcrübə mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlərə və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib.
Nümayəndə heyətinə Litvada özəl icra qurumlarının fəaliyyətinin təşkili və icra məmurlarına Ədliyyə Nazirliyinin keçirdiyi müsabiqə əsasında müvafiq lisenziyaların verilməsi, icra məmurlarının köməkçiləri institutu, icraata daxil olan icra sənədlərinə və şikayətlərə baxılması, onların təmin olunması mexanizmi, icra hərəkətlərinin elektron sistem vasitəsilə həyata keçirilməsi barədə ətraflı məlumat verilib, bu sahədə qanunvericilik aktları ilə tanış olunub.