IMAGE

Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib

Aprelin 17-də Ədliyyə Nazirliyində mediasiya institutunun tətbiqinə dair dəyirmi masa keçirilib. Nazirliyin və Mətbuat Şurasının rəhbər şəxslərinin, ədliyyə naziri yanında İctimai Komitə üzvlərinin və digər vətəndaş cəmiyyəti, eləcə də media nümayəndələrinin, vəkil və psixoloqların iştirakı ilə keçirilən tədbirdə mübahisələrin məhkəmədən kənar həllində mediasiyanın rolu, bununla bağlı qəbul olunmuş "Mediasiya haqqında" yeni Qanunun mahiyyəti və əhəmiyyəti, bu institutun tətbiqi üzrə həyata keçirilən tədbirlər və layihələr, bu sahədə beynəlxalq təcrübədən irəli gələn məsələlər barədə faydalı fikir mübadiləsi aparılıb.

Nazirliyin aidiyyəti struktur qurumların rəhbərləri çıxış edərək ölkəmiz üçün yeni olan bu institut barədə əhalinin məlumatlandırılması baxımından dəyirmi masanın əhəmiyyətindən danışıb, tədbirin ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq mediasiya prosesinin tətbiqi barədə maarifləndirmə və təşviqat tədbirləri çərçivəsində keçirildiyini vurğulayıblar.

Bildirilib ki, mediasiya institutu mülki işlər və iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb.

Çıxışlarda "Mediasiya haqqında" Qanundan irəli gələn məsələlərdən, bu sahədə beynəlxalq təcrübədən danışılıb. Məlumat verilib ki, ötən dövrdə ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədilə mediasiya xidmətinin göstərilməsinə dair vətəndaş cəmiyyəti institutları ilə birgə layihələr həyata keçirilib. Bakı şəhərinin rayon və “ASAN xidmət" mərkəzlərindəki qeydiyyat şöbələrində bu xidmətlərə müraciət edənlərdən 1900-dən çox şəxs psixoloqla söhbətə cəlb olunub və onlardan 300-ə yaxın ailə nikahın pozulmasından imtina edib.

Tədbirdə mediasiyanın düzgün və səmərəli tətbiqinin həm də məhkəmələrdə iş yükünün xeyli azalmasına səbəb olacağı vurğulanıb, mövzu ətrafında faydalı diskussiyalar keçirilib, bir sıra təkliflər səsləndirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez