25-04-2019 | 19:20 5323
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı elan edilmiş builki açıq müsabiqədə iştirak edən hüquqşünaslarla test yolu ilə ixtisas imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə may ayının 11-də saat 10.00-da Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, A.Sultanova küçəsi 13 ünvanında) keçiriləcəkdir.
Qeydiyyatdan keçmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni 8 və 10 may tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün onlar imtahanın başlanmasına azı 1 saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
Xatırladırıq ki, imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və qeydə alınan namizədlərin elektron kabinetlərində yerləşdirilmişdir, habelə bu sənədlər Nazirliyə müraciət edənlərə təqdim olunur.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müraciət etmiş şəxslərin müsabiqəyə mükəmməl hazırlaşmalarına köməklik göstərilməsi məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi kurslar hazırda da davam edir (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31, Ədliyyə Akademiyası).
Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi və onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı may ayının 11-də test imtahanının keçiriləcəyi Azərbaycan Texniki Universitetinin idman sarayına getmək üçün naviqasiya məlumatları Nazirliyin internet səhifəsində yerləşdirilmişdir.