Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmizlə əməkdaşlığa maraq göstərir

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, xüsusən Şərq Tərəfdaşlığı ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparmaq məqsədilə ölkəmizdə işgüzar səfərdə olmuş Niderland Krallığı Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Onno Xattinqa Van Sant fevralın 23-də ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür.

Niderlandla hərtərəfli, o cümlədən hüquqi sahədə əməkdaşlığa mühüm önəm verildiyini bildirən nazir müavini iki ölkənin Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etmiş, Avropa İttifaqı ilə son illər səmərəli əməkdaşlığı vurğulamışdır. T.Musayev Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz üçün Hərtərəfli institusional quruculuq proqramının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, sənəddə müxtəlif sahələr üzrə, o cümlədən ədliyyə sistemində islahatlara dəstəyin göstərilməsini diqqətə çatdırmışdır.

Belə bir vahid formatın təsis edilməsini nəzərdə tutan Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə bir sıra postsovet məkanı ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması və genişləndirilməsi məqsədi daşıdığını söyləyən səfir Azərbaycanla qarşılıqlı əlaqələrin getdikcə inkişaf etdiyini vurğulamış, ölkəmizdə məhkəmə-hüquq islahatlarına maraq göstərərək, Avropa Komissiyası ilə "Azərbaycanda ədliyyə islahatlarına dəstək" Proqramının həyata keçirilməsini təqdir etmiş, əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir.

Görüşdə həmçinin, qanunvericiliyin Avropa İttifaqının standartlarına uyğunlaşdırılması, inzibati məhkəmələrin formalaşdırılması, söz və ifadə azadlığı, jurnalist məsuliyyəti, qeyri-hökumət təşkilatlarının fəaliyyəti, qarşıdan gələn parlament seçkiləri və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

iacca
iap
business ready
eplc
Ən Tez