30-04-2019 | 19:23 1413
Bu günlərdə Özbəkistanın paytaxtı Daşkənd şəhərində Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib.
Dünyanın 44 ölkəsindən 1000-dən çox nümayəndənin, o cümlədən ədliyyə, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin qatıldığı Forumda Azərbaycan Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbiri giriş nitqi ilə Özbəkistanın Ədliyyə naziri Ruslanbəy Dövlətov açıb. İnteraktiv dialoq şəraitində aparılan tematik konfranslar və dəyirmi masalarda müasir dünyada konstitusiya hüququnun rolu, qanun yaradıcılığı prosesi, hüquqi yardımın əlçatanlığı, məhkəmə ekspertizası fəaliyyəti, o cümlədən özəl ekspertiza, bu sahədə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Forumda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, o cümlədən elektron ədliyyə köşkü, elektron məhkəmə və elektron icra informasiya sistemlərinin tətbiqi, probasiya xidmətinin fəaliyyəti, bu sahədə innovasiyaların hüquq elminə və dövlət idarəçiliyinə təsiri məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Səfər çərçivəsində Özbəkistanın Ədliyyə naziri R.Dövlətovla görüş keçirilib. Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, hər iki dövlətdə ədliyyə sahəsində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb, Azərbaycan təcrübəsinə böyük maraq göstərilib. Ölkələrimizin ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.
Dövlətimizin başçısının məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq səfər zamanı nümayəndə heyətimiz Özbəkistan Ədliyyə Nazirliyinin yeni inşa olunmuş Respublika Məhkəmə Ekspertizası Mərkəzinin binasına baş çəkərək fəaliyyəti və iş şəraiti ilə tanış olub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.