13-03-2010 | 04:02 1001
Ölkəmizdə ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində son illər əməli işlər görülərək, bu sahədə geniş və çoxşaxəli proqram qəbul olunmuş, ekoloji durumun yaxşılaşdırılması üzrə irimiqyaslı tədbirlər həyata keçirilmişdir.
Bu mühüm məsələlərə daim diqqət yetirən dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və görülən işlər ictimaiyyət tərəfindən yekdilliklə dəstəklənir.
Vətəndaşların sağlam həyatının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sırasında ağacəkmə aksiyasına xüsusi önəm verilir. Bakının, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yaşıllıq zolaqları salınır, magistral yolların kənarlarında, küçə, xiyaban və parklarda ağaclar əkilir, abadlıq işləri aparılır.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına yönəldilmiş bu kampaniyaya Ədliyyə Nazirliyi də qoşulub. Əzizbəyov dairəsi – Heydər Əliyev adına Beynəlxalq hava limanı avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında ədliyyə işçiləri tərəfindən qabaqcadan hazırlıq işləri görülərək yüzlərlə ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. Ölkə başçısının bu xeyirxah və nəcib təşəbbüsünü dəstəkləyən nazirliyin əməkdaşları böyük həvəs və yüksək fəallıq nümayiş etdirmişlər.