22-05-2019 | 10:30 4650
Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi" layihəsi çərçivəsində BMqT-nin ölkəmizdəki Nümayəndəliyinin və regional ofisinin dəstəyi ilə Azərbaycanın 11 nəfərlik nümayəndə heyəti Litvada dördgünlük tanışlıq səfərində olub.
Nümayəndə heyətinə Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyi İnsan alverinə qarşı mübarizə baş idarəsinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyasının təmsilçiləri, apellyasiya və rayon məhkəmələrinin hakimləri daxil edilib.
Səfərin əsas məqsədi insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Litvada insan alveri ilə bağlı cinayətlərin təqibi halları, insan alveri sahəsində prosedur və qaydalarla tanış olmaqdır.
Litva Respublikasının Vilnüs və Kaunas şəhərlərində olan nümayəndə heyəti Litva Hökumətinin Kansleri Alqirdas Stonçaytis, Baş Prokurorunun müavini Rimvyadas Valentukeviçius, Sosial Təhlükəsizlik və Əmək nazirinin müavini Etvidas Binqales, Litva Baş Polis komissarı Linas Pernavas, Ali Məhkəmənin hakimləri ilə görüşlər keçirib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Hökumətin kansleri ilə görüşdə ölkəmizin insan alveri ilə mübarizə haqqında qanunvericiliyi və hüquqi praktikası ilə bağlı əyani təqdimatla çıxış edilib. Həmçinin, bu sahədə müsbət təcrübələr, yanaşmalar və yeni tendensiyalar, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları barədə maraqlı diskussiyalar keçirilib.
Səfər çərçivəsində nümayəndə heyəti İnsan alveri qurbanlarına yardım üzrə Vilnüs Böhran Mərkəzinin, Kaunasda yerləşən Kişilərin Böhran Mərkəzi Assosiasiyasının, Kaunas şəhər bələdiyyəsi nəzdində insan alverinə qarşı çoxşaxəli mübarizəyə dair komandanın fəaliyyəti ilə yaxından tanış olublar.
Eyni zamanda, Azərbaycanın Litvadakı Səfirliyinə baş çəkilib, fövqəladə və səlahiyyətli səfir Tamerlan Qarayev səfirliyin fəaliyyəti barədə geniş məlumat verib, maraq doğuran məsələlər müzakirə edilib.