29-05-2019 | 15:10 3645
Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər davam etdirilir, məhkəmə qərarlarının icrasının effektivliyinin artırılması, "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir. Bu məqsədlə nazirliyin nümayəndə heyəti Litvaya səfər edərək bu ölkənin təcrübəsi ilə tanış olub.
Bu günlərdə isə Ədliyyə Nazirliyin nümayəndə heyəti Bolqarıstanda tanışlıq səfərində olub. Səfər zamanı Bolqarıstanın Ədliyyə Nazirliyində, Özəl İcra Məmurları Palatasında görüşlər keçirilib, bu ölkənin məhkəmə sistemi, icra xidmətinin işinin spesifik xüsusiyyətləri və Palatanın fəaliyyəti barədə faydalı müzakirələr aparılıb.
Görüşlərdə hər iki ölkədə ədliyyə və məhkəmə sistemində aparılan islahatlara, bu sahədə tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib.
Nümayəndə heyəti həmçinin, dövlət və özəl icra məmurlarının ofislərinə səfər edərək onların fəaliyyəti ilə yaxından tanış olub, özəl icra işinin təşkili və digər məsələlər barədə səmərəli fikir və təcrübə mübadiləsi aparılıb.