IMAGE

Gəncədə məhkəmə-hüquq islahatlarına dair geniş ictimai müzakirə keçririlib

Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına, ədalət mühakiməsinin əlçatanlığına və vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir.

Dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə rəvac verməklə ədliyyə və məhkəmə sistemin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu sahədə mühüm “yol xəritəsi” olan Fərmanın icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür. Bu mühüm sənədin müstəsna əhəmiyyəti və ondan irəli gələn məsələlərlə bağlı vətəndaş cəmiyyəti institutları, müxtəlif biznes dairələri, sahibkarlar və ictimaiyyətin digər nümayəndələri ilə paytaxtda və bölgələrdə ictimai müzakirələr davam etdirilir.

AzərTAc xəbər verir ki, həyata keçirilən bu tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə iyunun 14-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində "Vətəndaşların və sahibkarların hüquqlarının müdafiəsində Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti" mövzusunda geniş ictimai müzakirə keçirilib.

15 iyun – Milli Qurtuluş Günü ərəfəsində keçirilən tədbirdən öncə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib, Heydər Əliyev Mərkəzində dahi öndərin həyat və fəaliyyətindən bəhs edən zəngin ekspozisiyalarla tanışlıq olub.

Tədbirdə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Məhkəmə-Hüquq Şurasının məsul şəxsləri, Gəncə apelyasiya, regional, şəhər və ətraf rayon məhkəmələrinin sədrləri, hakimlər, prokuror və vəkillər, Gəncə və Şəmkir regional və yerli ədliyyə qurumlarının, habelə şəhər ali təhsil müəssisələrinin rəhbərləri, çoxsaylı sahibkarlar, vətəndaş cəmiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan Ədliyyə naziri Fikrət Məmmədov 1993-cü ilin iyunun 15-də ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xilaskarlıq missiyasından, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin rifahı və gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsini, ölkəmizin sürətli tərəqqisinin təmin olunduğunu və bütün sahələrdə yüksək nailiyyətlərini vurğulayıb.

Bildirib ki, ölkədə aparılan genişmiqyaslı islahatlar məhkəmə-hüquq sistemini də əhatə edib, ötən dövrdə bu sahədə bir çox mühüm tədbirlər görülüb. Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədliyyə və məhkəmə sistemində islahatların yeni mərhələdə müasir çağırışlara uyğun həyata keçirilməsinə təkan verib.

Nazir bu mühüm sənədin icrası, o cümlədən sahibkarların hüquqlarının məhkəmə müdafiəsinin gücləndirilməsi üzrə görülən işləri qeyd edib, qanunvericilik, institusional və praktiki tədbirlərdən danışıb.

Diqqətə çatdırıb ki, Fərmana uyğun olaraq qısa müddətdə məhkəmə fəaliyyəti, o cümlədən sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırması, sahibkarlıqla bağlı mübahisələrə dair işlər üzrə yeni ixtisaslaşmış məhkəmənin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub və artıq ötən gün həmin layihələrə Parlamentin plenar iclasında ilk oxunuşda baxılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ölkə Prezidentinin məhkəmə-hüquq sisteminə daim qayğı ilə yanaşdığını, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edildiyini bildirib, Fərmanın məhkəmə sisteminin inkişafında inqilabi addım olduğunu vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə-Qazax nümayəndəliyinin müdiri Afina Babayeva çıxış edərək sahibkarların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında və bu sahədə mübahisələrə dair işlərə daha səmərəli və çevik baxılmasının təmin olunmasında Fərmanın müstəsna rolunu vurğulayıb.

Tədbirdə həmçinin, nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupun üzvü Rəşad Əliyev tərəfindən dövlət başçısının Fərmanının məhkəmələrə əlçatanlığın və müraciət imkanlarının yaxşılaşdırılmasında rolu, sahibkarların hüquqlarının müdafiəsində məhkəmə təminatının vacibliyi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması barədə çıxışlar edilib, məhkəmə fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasında "Elektron məhkəmə", "Elektron icra" informasiya sistemlərinin əhəmiyyəti və islahatların dərinləşdirilməsində innovasiyaların rolu barədə əyani təqdimatlar edilib.

Sonra iştirakçılarla sual-cavab sessiyası keçirilərək, müzakirələr aparılıb. Çıxış edən sahibkarlar, vətəndaş cəmiyyətinin və ictimaiyyətin digər nümayəndələri dövlət başçısının fərmanının vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb, məhkəmələrin ixtisaslaşması, mediasiyanın tətbiqi, notariat, vəkillik və könüllülük fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Tədbiri Ədliyyə naziri Fikrət Məmmədov yekunlaşdıraraq məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olan ölkə Prezidentinin Fərmanının icrası nəticəsində müasir tələblərə cavab verən və cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşmasına, onun keyfiyyətinin və səmərəliliyinin artırılmasına, əlçatanlığın asanlaşdırılmasına, yüksək vətəndaş məmnunluğuna, sahibkarlığın inkişafının sürətlənməsinə nail olunacağını vurğulayıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez