25-06-2019 | 17:25 2019
Ədliyyə Akademiyası tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda həyata keçirilən silsilə tədris tədbirləri çərçivəsində iyunun 24-25-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə Bakı Dövlət Universitetinin müəllimləri və Akademiyanın əməkdaşları üçün Mülki Prosessual Məcəllənin öyrənilməsinə həsr olunmuş iki günlük seminar keçirilib.
GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində təşkil olunan təlimin açılışında GİZ-in proqram rəhbəri Tomas Meyer çıxış edərək Ədliyyə Nazirliyi, o cümlədən Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıqdan, hakimlər və digər hüquqşünaslar üçün birgə tədris tədbirlərinin təşkilindən bəhs edib, təlimin əhəmiyyətini vurğulayıb.
Seminarda Almaniya Regional Məhkəməsinin keçmiş baş hakimi Tomas Herrman və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dosenti – GİZ-in mütəxəssisi Florian Riehl, həmçinin ölkəmizin Vəkillər Kollegiyasının üzvü Elçin Usub təlimçi qismində çıxış ediblər.
İnteraktiv formada keçirilən təlimdə mülki hüquq sahəsində keyslərin metodik prinsipləri haqqında ümumi məlumat verilib, müxtəlif kazuslar üzrə iş aparılıb, diskussiyalar aparılaraq maraq doğuran suallar ətraflı cavablandırlıb.