18-06-2019 | 11:05 1536
İyunun 11-12-də Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində XI Beynəlxalq İnformasiya Texnologiyaları Forumu keçirilib.
Rusiya, Avstriya, Belarus və Qazaxıstan notariuslarının və informasiya sistemləri inzibatçılarının qatıldığı tədbirdə ölkəmizin Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin məsul nümayəndəsi Zaur Həsənov, xüsusi notariuslar Hüseyn Məmmədov, Süleyman Məmmədov və Dəyanət Tağıyev iştirak ediblər.
Forum çərçivəsində notariuslar və sistem inzibatçıları üçün keçirilmiş seminarın açılışında Federal Notariat Palatası prezidentinin müşaviri Mixail Mukovozov çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib, notariat sahəsində rəqəmsallaşdırmanın rolunu vurğulayıb, Rusiya notariatında innovasiyaların tətbiqi və inkişaf perspektivləri barədə məlumat verib.
Tədbirdə rusiyalı mütəxəssislərin informasiya sistemlərində saxlanılan məlumatların mühafizəsi, digər informasiya resursları ilə məlumat mübadiləsinin genişləndirilməsi, notariat fəaliyyətində elektron imzanın tətbiqi, bəzi notariat hərəkətlərinin gələcəkdə video-qeydiyyatının təşkili barədə məruzələri dinlənilib, iştirakçı dövlətlərin notariatında tətbiq olunan informasiya sistemləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın "Elektron notariat" informasiya sisteminin imkanları, onun digər informasiya resursları ilə qarşılıqlı məlumat mübadiləsi, yeni texnologiyaların tətbiqinin notariat hərəkətlərinin rəsmiləşdirilməsində müstəsna əhəmiyyəti barədə əyani təqdimatla çıxış edilib. Bu sahədə ölkəmizin nailiyyətləri, o cümlədən notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, mobil notariat qovluğu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir çərçivəsində son dövrlərdə Rusiyada kibercinayətlər nəticəsində saxta elektron imzadan istifadə etməklə vətəndaşların mülkiyyət hüquqlarının pozulması və belə halların qarşısının alınması məqsədilə daşınmaz əmlakın özgəninkiləşdirilməsi, eləcə də bu qəbildən olan müqavilələrin mütləq şəkildə notarius vasitəsilə həyata keçirilməsinin vacibliyi geniş müzakirə olunub.
Ölkəmizin nümayəndə heyəti iyunun 13-14-də Qazaxıstanın Nur-Sultan şəhərində keçirilmiş "Latın notariat sisteminin prinsipləri" və "Müasir notariat sistemində rəqəmsal texnologiyalar" mövzusunda Birinci Mərkəzi-Asiya Beynəlxalq Notariat Konfransında da iştirak edib.
Qazaxıstan Notariat Palatasının Beynəlxalq Notariat İttifaqının Notariat Əməkdaşlığının Beynəlxalq Komissiyası ilə birgə təşkil etdiyi tədbirə Komissiyanın prezidenti Franz Leopold, eləcə də Rusiya, Almaniya, Fransa, İsveçrə, Litva, Avstriya, Sloveniya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan Ədliyyə nazirliklərinin nümayəndələri, notariat palatalarının rəhbərləri və üzvləri, həmçinin notariuslar qatılıblar.
Konfransda latın notariat sisteminin qabaqcıl prinsipləri, Avropa hüququnda notariatın rolu, transformasiya iqtisadiyyatında dayanıqlı notariat sistemlərinin yaradılması, notariat fəaliyyətində elektron idarəetmənin növləri və rəqəmsallaşdırma ilə bağlı mövzular üzrə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə son illər Azərbaycanda notariat sahəsində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və tətbiq olunan innovasiyalar barədə geniş təqdimat nümayiş etdirilib, ölkəmizin bu sahədə nailiyyətlərinə, həmçinin Almaniya Federal və Qazaxıstan Notariat Palatalarının rəhbərləri tərəfindən istinad edilərək yüksək qiymətləndirilib.