IMAGE

Məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlər müzakirə olunub

Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanına əsasən icra xidmətinin fəaliyyətinə dair görülən işləri qeyd edib.

Bildirib ki, Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar "Elektron icra" informasiya sisteminin tətbiqinin genişləndirilməsi, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınması üzrə konkret tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib, həmçinin İcra Məcəlləsinin layihəsi hazırlanıb, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilərək müvafiq təkliflər verilib.

Sonra İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib.

Diqqətə çatdırıb ki, son illər məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb. 2019-cu ilin birinci yarımilində icra qurumlarına daxil olan icra işlərinin sayı 731 minə çatıb, onlardan 384 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50 faizdən artıq – 300 milyon manatdan çox vəsait ödətdirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.954 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.421 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 301 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb ki, bu da ötən dövrlərlə müqayisədə 4 dəfə çoxdur.

Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmamasını öyrənmək məqsədilə nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-ci ilin birinci yarımilində də artaraq 1 milyona yaxın olub.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı İcra xidmətinin məsul işçiləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, xüsusilə sahibkarlıq fəaliyyəti və alimentlə bağlı icra işlərinə nəzarətin gücləndirilməsi, məhkəmələrin müəyyən edilmiş fəaliyyət qaydasının səmərəli təminatına diqqətin artırılması, "Elektron icra" informasiya sisteminin və "Elektron sənəd dövriyyəsi"nin tətbiqinin genişləndirilməsi ilə bağlı konkret göstərişlər verib.

Həmçinin, icra xidmətinin yerli qurumlarının fəaliyyətinə nəzarətin artırılması, icra məmurlarının peşəkarlığının yüksəldilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması tapşırılıb, etik davranış qaydalarına dönmədən əməl olunmasının, korrupsiyaya şərait yaradan halların yolverilməzliyinin icra məmurlarının ən ümdə vəzifəsi olduğu vurğulanıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez