09-08-2019 | 21:35 1977
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 9-da Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyev Şamaxı rayonunda, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və müvafiq qurumlara tapşırıqlar verilib. Səfər çərçivəsində nazir müavini həmçinin, yerli ədliyyə qurumlarının iş şəraiti ilə tanış olub.
Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə etmiş, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.