15-07-2019 | 10:24 1519
İyulun 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının İkinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı Inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyətində ölkəmizin BMT yanında daimi nümayəndəliyinin rəhbəri Yaşar Əliyev, Ədliyyə nazirinin müavini Toğrul Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov, Dayanıqlı Inkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil olunub.
Baş Nazirin müavini Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək, son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, "heç kimin geridə qalmaması" prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi haqqında ətraflı məlumat verib.
Hazırda Azərbaycan regionda və MDB məkanında ilk, ümumiyyətlə isə dünyada ikinci hesabatı təqdim edən 14 ölkədən biridir.
***
Baş Nazirin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökumət rəsmilərinin iştirak etdikləri Nazirlər Seqmentində də çıxış edərək Azərbaycanda Dayanıqlı Inkişaf Məqsədlərinə uyğun olaraq həyata keçirilən islahatlardan ətraflı bəhs edib.
***
Azərbaycan nümayəndə heyəti, həmçinin BMT Baş Assambleyasında əhali və inkişaf üzrə Qahirə konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda iştirak edib. Tədbirdə Baş Nazirin müavini məruzə ilə çıxış edib.
***
Azərbaycan Respublikasının nümayəndə heyətinin səfər çərçivəsində BMT-nin bir sıra yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşləri olub.
BMT Baş katibinin birinci müavini xanım Amina Mohammed, BMT-nin Inkişaf Proqramının (BMTIP) Baş direktoru Akim Stayner və onun müavini, BMTIP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqer, BMT Baş katibinin inkişaf və əlaqələndirmə məsələləri üzrə müşaviri Robert Piper, həmçinin Misirin Planlaşdırma, Monitorinq və Administrativ Islahatlar naziri xanım Hala Əlsaid, Norveçin Beynəlxalq inkişaf naziri Daq Inqe Ulstein və Israilin Ətraf mühitin mühafizəsi naziri Zeev Elkin ilə keçirilmiş görüşlərdə Azərbaycanda DIM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə qurumunun yaradılması, bu istiqamətdə görülən işlər, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda İkinci Könüllü Milli Hesabatın təqdim olunması yüksək qiymətləndirilib.
BMT Baş katibinin birinci müavini хanım Amina Mohammedlə görüşdə təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdirilməsi, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması diqqətə çatdırılıb. Habelə xanım Amina Mohammed dayanıqlı inkişafın əsas məqsədlərindən birinin qanunun aliliyinin təşviqi və hamı üçün ədalət mühakiməsinə əlçatanlığın asanlaşmasının olmasını nəzərə alaraq, tədbirdə Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində Ədliyyə Nazirliyinin təmsil olunmasınının vacibliyini qeyd edib.
Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycanda məhkəmə-hüquq islahatları: innovativ təcrübələr" adlı ingilis və rus dillərində broşüralar Yüksək Səviyyəli Siyasi Forumda tədbir iştirakçıları arasında paylanılıb. Həmin kitabça, həmçinin BMT-nin Baş Katibi Antonio Quterrеşin yüksək diqqətinə çatdırılıb.
Təqdim olunan məlumatlarda ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının ədalət mühakiməsinin möhkəmləndirilməsi istiqamətindəki mühüm rolu və əhəmiyyəti, bu qərarın qəbul edilməsi ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının əsasının qoyulduğu xüsusi vurğulanıb.
***
Tədbirlərdə və görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında bir daha məlumat verilib, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı vurğulanıb, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi məlum qətnamələrinin indiyədək yerinə yetirilmədiyi bildirilib.