06-09-2019 | 17:20 2044
Ədliyyə nazirinin müavini Toğrul Musayev Azərbaycanda səfərdə olan Avropa Şurası (AŞ) Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin sədri, İslandiya Parlamentinin üzvü xanım Thorhildur Sunna Evarsdottirin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə insan hüquqlarının hərtərəfli təmin olunması, hakimlərin müstəqilliyi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası, vəkillik təsisatının islahatı və digər maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunması və məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edən nazir müavini bu sahədə islahatların dərinləşdirilməsinə dair dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyətini vurğulayıb. Həmçinin Məhkəmə-Hüquq Şurasının müstəqil özünüidarə fəaliyyəti, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və Avropa Məhkəməsinə tədris səfərlərinin təşkili barədə məlumat verib, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən genişmiqyaslı işlərdən danışıb.
Qonağın diqqəti xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb olunaraq Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğu vurğulanıb. Nəzərə çatdırılıb ki, Ermənistan rəhbərliyinin reallıqdan tamamilə uzaq populist bəyanatları münaqişənin həlli üzrə illərdir ki, aparılan sülh danışıqları prosesinə böyük zərbədir.
Xanım Thorhildur Sunna Evarsdottir Azərbaycana növbəti səfərindən məmnunluğunu, müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını ifadə edib.
Tədbirdə AŞ-nın Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş iştirak edib.