05-10-2019 | 16:45 3612
Bu günlərdə Çin Xalq Respublikasının Şanxay şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) məkanında hüquqi xidmətlərin Beynəlxalq Forumu keçirilib.
ŞƏT dövlətlərindən 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov və İnformasiya-kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səməd-zadə təmsil etmişdir. Tədbirdə hüquqi xidmətlərin sisteminin yaradılması, bu sahədə beynəlxalq əməkdaşlıq və kommersiya mübahisələrinin həlli mexanizmləri kimi aktual məsələlər müzakirə olunub.
Açılış mərasimində Çinin ədliyyə naziri Fu Çjenxua, Rusiyanın ədliyyə naziri A.V.Konovalov, Qırğızıstanın ədliyyə naziri M.T.Camankulov, ŞƏT Baş katibinin müavini N.S.Akkoşkarov, Şanxay şəhərinin meri İn Yun və digər rəsmi şəxslər çıxış ediblər.
Daha sonra iştirakçı dövlətlərin ədliyyə nazirliklərinin rəhbər şəxsləri tərəfindən öz ölkələrində hüquqi xidmətlərin təşkili və əldə olunmuş nəticələr barədə məlumat verilib.
Forumda nümayəndə heyətimiz tərəfindən əyani təqdimatla çıxış edilərək Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, vətəndaşlara göstərilən hüquqi xidmətlərin səmərəli təşkili, o cümlədən bu sahədə müasir innovasiyaların tətbiqi, elektron ədliyyə xidmətləri, "e-məhkəmə" və "e-notariat" informasiya sistemləri barədə məlumat verilib. Dövlət xidmətlərinin göstərilməsində ən uğurlu model olan Azərbaycan brendi "ASAN xidmət"in vətəndaş məmnunluğu doğuran fəaliyyətindən bəhs olunub.
Həmçinin, mediasiya, xüsusilə nikahın pozulması hallarında mediasiya xidmətlərinin tətbiqi, eləcə də sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, bu sahədə tədbirlərin biznesin inkişafına təsiri barədə danışılıb.
Çıxışda iştirakçıların diqqəti xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Ermənistanın dövlət səviyyəsində yürütdüyü işğalçılıq siyasətinə, beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına atmasına cəlb olunub, Ermənistan rəhbərliyinin regionu yeni təhlükə və risklərlə üzbəüz qoyan təxribatçı və destruktiv açıqlamalarının, habelə beynəlxalq aləmdə tanınmaq məqsədilə vətəndaşlara hüquqi qüvvəsi olmayan sənədlərin verilməsinin narahatlıq doğurduğu vurğulanaraq beynəlxalq ictimaiyyətin bu məsələlərə ciddi reaksiya verməsinin zəruriliyi bildirilib.
Tədbir çərçivəsində İran, Türkmənistan, Özbəkistan, Belarus və Tacikistan respublikalarının ədliyyə nazirlərinin müavinləri ilə görüşülərək ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Səfər zamanı, həmçinin Şanxayın Məhkəmə Ekspertizası Akademiyasına səfər edilərək, ən qabaqcıl avadanlıqlarla təchiz olunmuş qurumun fəaliyyəti ilə tanış olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.