Azərbaycan-Türkiyə dostluq münasibətləri hüquqi sahədə də yüksələn xətlə inkişaf edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Hüquq elminin müasir problemləri" mövzusunda keçirilmiş ikinci beynəlxalq konfrans çərçivəsində Türkiyədən olan tanınmış hüquqşünas alimlər və qardaş ölkənin Ədliyyə Nazirliyinin məsul əməkdaşları respublikamızın Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətində olmuşlar.

Türkiyəli qonaqları səmimi salamlayan ədliyyə nazirinin müavini Toğrul Musayev ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat vermiş, ədliyyə sisteminin inkişafına böyük önəm verən dövlət başçısının Əhalinin Dövlət Reyestri Xidmətinin müasir üslubda inşa edilmiş inzibati binasının açılışında iştirakını vurğulamışdır.

Görüşdə Azərbaycan və Türkiyə arasında zəngin müqavilə-hüquq bazasının mövcud olduğu, hüquqi sahədə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur.

Ədliyyə və məhkəmə sahəsində aparılan islahatları böyük maraqla qarşılayan qonaqlar ən yeni elektron sistemlərin və iş metodlarının tətbiq olunduğu Xidmətin inzibati binasında qabaqcıl informasiya-kommunikasiya texnologiyaları və arxiv avadanlıqları ilə yaxından tanış olaraq yüksək təəssüratlarını bildirmiş, əldə olunmuş nailiyyətləri təqdir etmişlər. Sonra nazirliyin tarixi və müasir fəaliyyəti, əhalinin dövlət reyestrinin formalaşdırılması haqqında filmlər nümayiş etdirilmiş, xatirə şəkli çəkdirilmiş, qonaqlara ədliyyə fəaliyyətinə dair xüsusi hazırlanmış bukletlər təqdim olunmuşdur.

Türkiyə Ədliyyə Nazirliyi nümayəndələri ilə həmçinin nazirliyin aparatında görüş keçirilərək, ədliyyə və məhkəmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iki ölkənin müvafiq qurumları arasında elektron sənəd dövriyyəsinin həyata keçirilməsi, məhkəmə qərarlarının tanınması və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez