09-10-2019 | 12:35 1485
Notariat fəaliyyətinin inkişaf səviyyəsi, bu sahədə innovativ həllərin tətbiqi nəticəsində xidmətlərin yeni üslubda təqdim edilməsi xarici ölkələrin notariat qurumlarında böyük maraq doğurur, müxtəlif nümayəndə heyətləri Azərbaycan təcrübəsini öyrənmək məqsədilə mütəmadi olaraq ölkəmizdə təşkil olunan seminarlarda iştirak edirlər.
Növbəti belə seminarlar Rusiya notariusları üçün keçirilib.
"Azərbaycan nümunəsində notariat inkişafının tendensiyaları" adlı seminarlarda əlçatanlıq, operativlik, distantlıq standartlarına uyğun təkmilləşməsi nəticəsində mülki hüquqların daha etibarlı qorunmasını təmin edən notariat xidmətləri barədə ətraflı məlumat verilib.
Seminarlarda müasir üsullar, o cümlədən videoyazı vasitəsilə göstərilən notariat xidmətləri, mobil notariatın tətbiqi, "Elektron notariat" informasiya sistemi vasitəsilə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının elektron qaydada həyata keçirilməsi və müvafiq çıxarışların vətəndaşlara verilməsi, müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusi işıqlandırılıb.
Qonaqlar üçün həmçinin, səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün zəruri avadanlıqla təchiz olunan informasiya sisteminə birbaşa çıxışı olan səyyar çantalar da nümayiş etdirilib.
Seminar çərçivəsində rusiyalı notariuslara Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində elektron servislər, həmçinin informasiya sistemlərinin inteqrasiyası nəticəsində məlumatların real vaxt rejimində əldə olunması mexanizmi əyani təqdim edilib.
Söhbət zamanı notariat sahəsində qarşılıqlı fəaliyyətin perspektivləri və maraq doğuran məsələlər müzakirə olunub.