22-10-2019 | 14:55 1662
Avropa Şurasının (AŞ) İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun təşkilatçılığı Strasburqda "Məhkumların sosial reinteqrasiyası, azadlığa çıxdıqdan sonra təkrar cinayət törətmə hallarının azaldılması – probasiya və əlaqəli qurumlarla əməkdaşlıq" mövzusunda çoxtərəfli görüş keçirilib.
Avropa Şurasının 20-dən çox üzv dövlətinin nümayəndələrinin və qurumun məsul şəxslərinin qatıldığı tədbirdə Azərbaycanın Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi Elmin Həsənov iştirak edib.
Görüşdə Avropa Şurasının məhkumların sosial reinteqrasiyası ilə bağlı standartları, həbsxana rejimləri, davranış qaydaları, müxtəlif kateqoriyalı məhkumlar üçün reinteqrasiya proqramları, məhkumların şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı ictimai dəstək ilə nəzarət – probasiya və əlaqəli qurumlarla əməkdaşlıq, radikallaşmanın aşkarlanması, qarşısının alınması və onunla mübarizə, yetkinlik yaşına çatmayan məhkumların sosial reinteqrasiyası, bu sahədə işçi heyətin rolu məsələləri müzakirə olunub.
Çıxış edənlər məhkumların həbsxanada və probasiya nəzarətində olarkən faydalı əməyə, o cümlədən ictimai işlər cəzasının icrası zamanı peşəsinə uyğun işə cəlb edilməsi, həmçinin məhkumlarla davranış zamanı Avropa Penitensiar Qaydalarının və Avropa Şurasının "Probasiya qaydaları haqqında" Tövsiyəsinin nəzərə alınmasını diqqətə çatdırıblar.
Eyni zamanda alternativ cəzaların icrasının cəmiyyətdə effektivliyi və məhkumların cəza çəkdiyi dövrdə yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında elektron monitorinqin rolu vurğulanıb.
Tədbir çərçivəsində Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun proqram məsləhətçisi ilə iştirakçı dövlətlərin nümayəndələrinin işçi görüşləri keçirilib.
Görüşlərdə Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və tətbiq olunan yeniliklər barədə məlumat verilib, ölkə Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10.02.2017-ci il tarixli Sərəncamı, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb. Ölkəmizdə Probasiya xidmətinin fəaliyyətinin təşkili, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi diqqətə çatdırılıb, Azərbaycanın bu sahədə təcrübəsinə maraq göstərilib