28-10-2019 | 15:32 1521
Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizə aparılmaqla bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Ölkəmiz 140 dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.
Bu günlərdə İsveçrənin Cenevrə şəhərində Assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclası keçirilib. Qanunun Aliliyi və Antikorrupsiya Mərkəzinin Cenevrədəki Ofisində təşkil olunan tədbirdə qurumun vitse-prezidenti, ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.
İclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.
Tədbirdə F.Məmmədov tərəfindən çıxışlar edilərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı aparılan qəti mübarizə, Azərbaycan brendi olan ASAN xidmətin bu sahədə mühüm fəaliyyəti, ölkəmizin səmərəli beynəlxalq antikorrupsiya əməkdaşlığı, xarici tərəfdaşlarla məlumat mübadiləsi və birgə tədris tədbirləri barədə məlumat verilib, təşkilatın inkişafına dair təkliflər və təşəbbüslər irəli sürülüb və onlar bəyənilib.
Səfər çərçivəsində bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilərək antikorrupsiya sahəsində birgə fəaliyyətə dair faydalı danışıqlar aparılıb. Həmsöhbətlərin diqqəti həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə cəlb edilib.