YUNİSEF ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir

Mayın 13-də YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru Stiven Allen ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşmüşdür.

Azərbaycan və YUNİSEF arasında səmərəli əməkdaşlığı vurğulayan nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yuvenal ədliyyənin inkişafı üzrə görülən kompleks tədbirlər barədə məlumat vermiş, bu günlərdə fəaliyyətə başlamasının 6 illiyi təntənəli şəkildə qeyd olunan Heydər Əliyev Fondunun uşaqların hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirdiyini bildirmişdir. Eyni zamanda, ötən il Bakıda yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransın və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanmışdır.

Görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə uşağın hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı ciddi narahatlıq qonağın diqqətinə çatdırılmışdır.

YUNİSEF-in ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən cənab Stiven Allen uşaq hüquqlarının qorunmasında məhkəmələrin xüsusi rolunu qeyd edərək, məhkəmə və yuvenal ədliyyə sahəsində ölkəmizin müsbət irəliləyişlər əldə etdiyini vurğulamış, Ədliyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyətdən məmnunluğunu və əlaqələrin bundan sonra da davam etdirilməsində maraqlı olduğunu söyləmişdir.

Söhbət zamanı əməkdaşlığın perspektivləri vurğulanmış, uşaq hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması, barələrində ədalət mühakiməsinin həyata keçirilməsi, cəzaların icrasının xüsusiyyətləri, habelə Ədliyyə Akademiyasının fəaliyyəti, hakimlərin yuvenal ədliyyə sahəsində treninqi, bununla bağlı müvafiq mövzuların tədris proqramlarına daxil edilməsi və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Tədbirdə YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard iştirak etmişdir.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

iacca
iap
business ready
eplc
Ən Tez